Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkələrin imkanlarından istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb.
DİN-ə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri – Gülara Abdullayeva, Xəyal Yaxyayev və digərləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıb və “OCOS” adı altında beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək sosial şəbəkələrdə reklamını təşkil ediblər. Bu şəxslər əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta – OCOS satıblar. Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb. Göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması, həmçinin dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
ELAN: “OCOS” maliyyə-dələduzluq piramidasının fəaliyyəti nəticəsində zərərçəkən vətəndaşlar bu barədə DİN-in “102” Zəng Mərkəzinə, Baş İdarəyə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.