Nyu-York şəhərinin yeni seçilmiş meri Eric Adams orta məktəblərdə kriptovalyutalarla bağlı dərslərin keçilməsini təklif edib. E.Adams CNN kanalına verdiyi müsahibədə qeyd edib ki, iqtisadiyyat hazırda kriptovalyuta bazarından və blokçeyn texnologiyasından təcrid olunmuş halda uğurla inkişaf edə bilməz və şəhər təhsil müəssisələri real həyata zamanla ayaqlaşmağa hazır olan insanlar hazırlamalıdır.
Eric Adams: “Mən blokçeyn və bitcoin haqqında danışanda küçədəki gənclər dayanıb məndən soruşurlar “Bu nədir?” Bu gün gənclər rəqəmsal valyutalar haqqında kifayət qədər məlumatlı deyillər, halbuki kriptovalyutalar artıq dünyanın bir çox ölkələrində ödəniş vasitəsi kimi kifayət qədər uğurla istifadə olunur. Məktəblər şagirdlərə rəqəmsal valyutaları mənimsəməyə kömək etməlidir. Bunun üçün kriptovalyutalar tədris planına daxil edilməlidir. Nyu-York innovasiyanın tipindən asılı olmayaraq “innovasiya mərkəzi” olaraq qalmalıdır.”
Eric Adams artıq kriptovalyuta cəmiyyətində ad çıxarıb – bir neçə gün əvvəl yeni seçilmiş mer 2022-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra ilk üç maaşı bitcoin-də almaq niyyətində olduğunu açıqlamışdı.